VLOOKUP və XLOOKUP: addım-addım izah
VLOOKUP nədir və necə istifadə olunur? Sintaksis, addım-addım nümunə, ən çox edilən səhvlər və XLOOKUP-a keçidin səbəbləri — praktik Excel bələdçisi.

İki cədvəl var: birində sifarişlər, digərində müştəri telefonları. Hər sifarişin qarşısına telefonu əl ilə köçürmək — yüz sətirdə yarım saat, min sətirdə bütün gün. VLOOKUP bu işi bir düsturla görür. Excel-də karyera sürətləndirən ilk düstur adətən elə budur.
“VLOOKUP nədir” sualının qısa cavabı: bir cədvəldə dəyəri axtarıb, həmin sətirdən başqa sütunun məlumatını gətirən funksiya. Bu yazıda sintaksisi, işlək nümunəni, klassik səhvləri və daha müasir XLOOKUP-ın nə vaxt üstün olduğunu görəcəksiniz.
VLOOKUP necə işləyir: sintaksis
Funksiyanın dörd hissəsi var:
=VLOOKUP(axtarılan_dəyər; cədvəl_aralığı; sütun_nömrəsi; [dəqiq_uyğunluq])
| Arqument | Nə deməkdir | Nümunə |
|---|---|---|
| axtarılan_dəyər | Nəyi axtarırıq | A2 (müştəri kodu) |
| cədvəl_aralığı | Harada axtarırıq; axtarılan dəyər aralığın 1-ci sütununda olmalıdır | Müştərilər!A:D |
| sütun_nömrəsi | Tapılan sətirdən neçənci sütunu gətirək | 3 (telefon sütunu) |
| dəqiq_uyğunluq | FALSE (0) = dəqiq axtarış; praktikada demək olar həmişə bu | FALSE |
Yadda qalan qayda: VLOOKUP həmişə soldan sağa baxır. Axtardığınız dəyər cədvəl aralığının birinci sütununda olmalıdır; nəticə isə ondan sağdakı sütunlardan gəlir. Sola baxmaq lazımdırsa; bu, artıq XLOOKUP işidir.
Addım-addım nümunə: sifarişlərə telefon əlavə etmək
Vəziyyət: “Sifarişlər” vərəqində A sütununda müştəri kodu var. “Müştərilər” vərəqində A sütunu kod, B sütunu ad, C sütunu telefondur.
- Sifarişlər vərəqində boş sütunun ilk xanasına keçin.
- Yazın:
=VLOOKUP(A2; Müştərilər!A:C; 3; FALSE) - Enter; kod tapılır, üçüncü sütundakı telefon gəlir.
- Düsturu aşağı dartın; hər sətir öz kodu ilə axtarır.
Kod tapılmayanda #N/A xətası görünəcək. Bunu gizlətmək yox, idarə etmək lazımdır: =IFERROR(VLOOKUP(...); "Tapılmadı"): xəta əvəzinə aydın mesaj. Amma diqqət: kütləvi “Tapılmadı” nəticəsi çox vaxt düsturun yox, məlumatın problemidir.
Ən çox edilən 4 VLOOKUP səhvi
- Aralığı kilidləməmək: düsturu aşağı dartanda cədvəl aralığı sürüşür. Həll:
$A$1:$C$100formatı və ya bütöv sütun (A:C) istifadə edin. - Dəqiq uyğunluğu unutmaq: dördüncü arqument boş qalanda Excel “təxmini” axtarır və yanlış nəticəni sakitcə qaytarır. Həmişə FALSE yazın.
- Görünməz fərqlər: “A101 ” (sonda boşluq) ilə “A101” fərqli dəyərlərdir; rəqəm kimi saxlanan “101” ilə mətn kimi saxlanan “101” də. TRIM funksiyası və format yoxlaması ilk müdafiədir.
- Sütun nömrəsinin sınması: cədvələ yeni sütun əlavə edəndə “3” artıq başqa sütuna düşür. Bu kövrəklik XLOOKUP-a keçidin əsas səbəblərindəndir.
XLOOKUP: nə dəyişir və nə vaxt keçməli?
Microsoft 365-də mövcud olan XLOOKUP eyni işi daha təmiz görür:
=XLOOKUP(axtarılan_dəyər; axtarış_aralığı; nəticə_aralığı; [tapılmasa])
| Meyar | VLOOKUP | XLOOKUP |
|---|---|---|
| Sola axtarış | Yox | Var |
| Sütun nömrəsi asılılığı | Var (kövrək) | Yox; aralıqlar birbaşa göstərilir |
| Tapılmadı halı | Ayrıca IFERROR lazımdır | Daxili arqumentlə |
| Standart rejim | Təxmini (riskli) | Dəqiq (təhlükəsiz) |
| Uyğunluq | Bütün versiyalar | Microsoft 365 / Excel 2021+ |
Praktik məsləhəd: yeni fayllarda XLOOKUP-a üstünlük verin. VLOOKUP-ı bilmək yenə lazımdır; köhnə fayllar, başqalarının cədvəlləri və köhnə Excel versiyaları ilə iş bitmir. Google Sheets istifadəçisisinizsə, hər iki funksiya orada da eyni məntiqlə işləyir.
Bir addım geri: düsturdan əvvəl məlumat
Təcrübədən bir müşahidə: “VLOOKUP işləmir” şikayətlərinin çoxunda günahkar düstur yox, cədvəldir; təkrarlanan kodlar, qarışıq formatlar, boşluqlu mətnlər. Beş dəqiqəlik hazırlıq (təkrarları yoxla, formatları düzəlt, TRIM keçir) düstur problemlərinin yarısını əvvəlcədən həll edir. Səliqəli məlumat üzərində sadə düstur, qarışıq məlumat üzərində mürəkkəb düsturdan güclüdür.
VLOOKUP haqqında tez-tez verilən suallar
VLOOKUP niyə #N/A verir?
Ən çox rast gəlinən səbəblər: dəyər həqiqətən yoxdur, gizli boşluq və ya format fərqi var, ya da axtarılan sütun cədvəl aralığının birincisi deyil. TRIM, format yoxlaması və aralığın quruluşu; üç addımlıq diaqnostika.
VLOOKUP iki şərtlə axtara bilərmi?
Birbaşa yox. Klassik həll köməkçi sütunda şərtləri birləşdirməkdir (=A2&B2). Müasir həll isə XLOOKUP və ya INDEX/MATCH kombinasiyası ilə çoxşərtli axtarışdır.
VLOOKUP yoxsa INDEX/MATCH?
INDEX/MATCH daha çevikdir (sola axtarış, sütun sürüşməsinə davamlılıq) və köhnə versiyalarda XLOOKUP-ın əvəzedicisidir. Microsoft 365 varsa, XLOOKUP hər ikisini sadələşdirir.
Böyük cədvəldə VLOOKUP yavaşlayır?
On minlərlə sətirdə bütöv sütun axtarışları hiss olunan ləngimə yarada bilər. Aralığı konkretləşdirmək, hesablamanı əl rejiminə keçirmək və ya məlumatı Power Query ilə birləşdirmək sürəti qaytarır.
Peşəkar dəstək
Excel proseslərinizi avtomatlaşdırmaq istəyirsiniz?
Diaqnostika, prioritet və tətbiq arxitekturası üçün Business Process Automation xidmətinə baxın.
Mənbələr və növbəti oxu
Mənbəni harada yoxlamaq lazımdır
Funksiya sintaksisi versiyadan asılı dəyişə bilər; dəqiq arqumentləri rəsmi sənədlərdə yoxlayın.
- Microsoft Support: VLOOKUP function: rəsmi sintaksis və nümunələr
- Microsoft Support: XLOOKUP function: müasir alternativin tam təsviri
- Google Docs Editors Help: VLOOKUP: Google Sheets versiyası üçün
Mövzunun davamı
Axtarış funksiyaları cədvəl işinin bir hissəsidir; qalan bacarıqlar üçün:
- Excel öyrənmək: sıfırdan praktik bələdçi
- Ən vacib Excel düsturları
- Pivot Table: dataları saniyələrdə hesabata çevir
- Google Sheets: Excel-dən fərqlər və üstünlüklər
- Bu mövzudakı digər yazılar
VLOOKUP-ı bir dəfə real cədvəlinizdə işlədin; beş dəqiqəlik məşq yüz oxunuşdan çox öyrədir. Sabahkı hesabatınızda əl ilə köçürəcəyiniz ilk sütun elə bu məşqin materialıdır.
Mən Anar Rustamli — böyümənin, texnologiyanın və insan düşüncəsinin kəsişməsində işləyən strateq, sahibkar və AI tətbiqi lideriyəm. 2016-cı ildən işim bizneslərə sürətlə dəyişən rəqəmsal mühitdə inkişaf etməyə kömək etmək üzərində qurulub. Böyümə sistemləri, AI-əsaslı iş axınları və nəticəni məqsədlə uzlaşdıran strateji çərçivələr dizayn edirəm. İnanıram ki, əsl böyümə strategiya, data və insan fəhmi birlikdə işləyəndə baş verir — missiyam bizneslərə AI-ı elə tətbiq etməkdə kömək etməkdir ki, həm nəticələri, həm kimlikləri güclənsin.

