Skip to content Skip to sidebar Skip to footer

Niyə xaos daha cəsarətlidir?

Hər şeyi düzəltmək istəyi niyə insanı zəiflədir?

Bir nöqtədən sonra insan artıq problemlə yox, problem hissi ilə yaşayır. Ortada real bir böhran olmaya da bilər. Amma daxildə bir narahatlıq var. Elə bil nəsə yerində deyil. Və bu hissi daşımaq çətindir. Ona görə insan ətrafı düzəltməyə başlayır.

Bir detalı. Bir prosesi. Bir insanı.

Hər şeyi düzəltmək istəyi çox vaxt məsuliyyət kimi görünür. “Mən buradayam”, “mən diqqət edirəm”, “mən buraxmıram”. Amma bu diqqət uzun müddət sonra ağır yükə çevrilir. Çünki hər şey sənin nəzarətinə möhtacmış kimi hiss olunur.

Biznesdə bu xüsusilə aydın görünür. Bir metrikanı dəyişirsən, sonra başqasını. Bir komanda üzvünə toxunursan, sonra prosesi yenidən qurursan. Hər dəfə bir az daha yaxşı olsun deyə. Amma heç vaxt “yetərincə yaxşı” olmur. Çünki problem əslində düzəldiləsi yerdə deyil.

Hər şeyi düzəltmək istəyi çox vaxt güvən çatışmazlığından doğur. Sistemə güvənmirsən. Zamana güvənmirsən. Bəzən özünə də. Ona görə də hər şeyi nəzarətdə saxlamaq istəyirsən. Çünki nəzarət təhlükəsizlik hissi verir. Amma bu hiss saxtadır. Çox enerji alır və az rahatlıq verir.

Ən çətin hiss isə budur: düzəltmək istəyi səni daim “indi”yə bağlayır. Bu an. Bu problem. Bu səhv. Bu gecikmə. Uzunmüddətli baxış yavaş-yavaş daralır. Sanki hər şey təcili olur. Halbuki həyatda və biznesdə hər şey təcili deyil.

Bəzən bir şeyin düzəlməsi üçün ona toxunmamaq lazımdır. Bu fikir çoxlarına qəribə gəlir. Çünki hərəkətsizlik zəiflik kimi oxunur. Amma əslində bu, öz yerini bilməkdir. Harada təsirin var, harada yoxdur.

İnsan hər şeyi düzəltməyə çalışanda özünü mərkəzə qoyur. Mən etməsəm, olmaz. Mən baxmasam, dağılacaq. Bu düşüncə bir müddət insana güc hissi verir. Sonra isə tək buraxır. Çünki hər şeyi daşımaq mümkün deyil.

Əsl güc, hər şeyi düzəltməkdən vaz keçəndə başlayır. Sən artıq hər detalın arxasında durmursan. Hər səhvin məsuliyyətini üzərinə almırsan. Sən axını izləyirsən.

Nə vaxt müdaxilə etmək lazımdır, nə vaxt sadəcə baxmaq – bunu axında fərqdində olmadan da seçirsən.

Bu da insanı zəif yox, dayanıqlı edir.

Bir nöqtədə anlayırsan ki, bəzi şeylər sənin işin deyil. Bəzi proseslər öz ritmi ilə gedir. Bəzi insanlar yalnız öz təcrübəsi ilə dəyişir. Sən nə qədər tez başa düşsən, bir o qədər az yorularsan.

Hər şeyi düzəltmək istəyi insanı zəiflədir, çünki səni buraxmağa qoymur. Buraxmaq isə təhlükəlidir. Amma eyni zamanda azadedicidir.

Və bəzən ən böyük dəyişiklik odur ki, sən artıq hər şeyi dəyişməyə çalışmırsan.