Skip to content Skip to sidebar Skip to footer

Ölçülənlə hiss olunan arasındakı boşluq

Rəqəmlər nə vaxt yol göstərir, nə vaxt aldadır

Bir nöqtədən sonra biznesdə rəqəmlər çoxalır. Dashboardlar yaranır. Həftəlik reportlar, aylıq cədvəllər, müqayisələr, oxlar, faizlər. Hər şey ölçülür. Elə bil nə qədər çox ölçürüksə, bir o qədər güvəndəyik.

Amma çox vaxt əksinə olur. Rəqəmlər artdıqca aydınlıq azalır.

Çünki rəqəmlər səni sakitləşdirə də bilər, uyuşdura da bilər. Xüsusilə də yorğun olanda. Daxildə bir narahatlıq var, amma açıb baxırsan: CTR normaldır, conversion düşməyib, traffic artır. Özünü inandırırsan ki, problem yoxdur. Halbuki problem rəqəmlərdə deyil, davranışdadır. Davranış isə həmişə dərhal ölçülmür.

Rəqəmlər sənə nə baş verdiyini deyir. Amma niyə baş verdiyini demir. “Niyə”ni anlamaq üçün isə baxmaq kifayət etmir, dayanmaq lazımdır. Biznesdə çox az adam dayanır. Hamı ölçür, amma az adam düşünür.

Bir də belə bir illüziya var: rəqəmlər obyektivdir. İnsan səhv edə bilər, hiss aldada bilər, amma rəqəm yox. Bu yarı doğrudur. Rəqəm yalan danışmır. Amma sənə hər şeyi demir. Hansı hissəni göstərirsə, onu deyir. Göstərmədiyini isə susaraq gizlədir.

Məsələn, satış artır. Hamı sevinir. Amma satışın hansı müştəridən gəldiyini, hansı səbəblə gəldiyini, o müştərinin geri dönüb-dönməyəcəyini soruşan olmur. Rəqəm yaxşıdır, amma hekayə yarımdır. Yarım hekayə isə çox təhlükəlidir.

Rəqəmlər yol göstərir o vaxt ki, sən onları tək-tək oxumursan. Onları bir-biri ilə danışdırırsan. Tək bir göstərici demək olar ki, heç vaxt həqiqəti demir. Həqiqət əlaqədə olur. Bir rəqəmin başqa bir rəqəmlə necə dəyişdiyində.

Amma tələskən olanda biz tək rəqəmə yapışırıq. Çünki sadədir. Və sadə olan şey insanı rahatladır. Rahatlıq isə bəzən inkişafın düşmənidir.

Bir də KPI problemi var. KPI-lar başlanğıcda yol göstərmək üçün yaranır. Sonra yavaş-yavaş məqsədə çevrilir. İnsanlar biznesi böyütmək üçün yox, KPI-nı yaxşı göstərmək üçün qərar verməyə başlayır. Bu nöqtədə rəqəmlər artıq kompas deyil, maskadır.

Ən qəribəsi də budur: hər şey “düz” görünür, amma nəsə işləmir. Komanda yorğundur. Müştəri səssizdir. Daxildə boşluq hissi var. Amma rəqəmlər susur. Çünki bu tip problemlər ancaq gecikmiş halda ölçülür.

Rəqəmlər aldadır o vaxt ki, sən onları hisslərə qarşı arqument kimi istifadə edirsən. “Məncə burada nəsə səhvdir” deyən adama “amma dataya bax” cavabı verəndə. Halbuki datanın işi hissi susdurmaq deyil, onu yoxlamaqdır.

Əsl balans o vaxt yaranır ki, hiss səndə sual yaradır, rəqəm isə o suala cavab axtarmağa kömək edir. Yoxsa hisssiz data səni mexaniki edir. Datasız hiss isə səni kor edir.

Rəqəmlər yol göstərir o vaxt ki, sən istiqaməti artıq müəyyən etmisən. Haraya getdiyini bilmirsənsə, ən dəqiq ölçü belə səni ora aparmayacaq. Sadəcə daha sürətli şəkildə səhv istiqamətdə aparacaq.

Bəlkə də ən çətin şey budur: rəqəmlərlə işləyib, onlara hakim olmamaq. Onları dinləyib, onlara təslim olmamaq. Onları ciddiyə alıb, onlara kor-koranə inanmamaq.

Çünki biznesdə bəzi dönüş nöqtələri var ki, onlar əvvəlcə hiss olunur, sonra ölçülür. Əgər sən yalnız ölçüləni qəbul edirsənsə, gecikirsən.

Və bəzən ən doğru qərar hələ dashboard-da görünmür.