Skip to content Skip to sidebar Skip to footer

Problemi başa düşmək onu həll etməkdir

Problemi həll etməzdən əvvəl onu görmək

Ən çox etdiyimiz səhv problemin özündən qaçmaqdır. Onu görən kimi həll axtarmağa başlayırıq. Sanki problem orada bir saniyə də artıq qalsa, bizi udacaq. Ona görə tez bir cavab tapmaq istəyirik. Bir plan. Bir addım. Bir düzəliş.

Amma çox vaxt bu tələskənlik problemi yox etmir, sadəcə yerini dəyişir.

Problemi görmək passiv görünür. Heç nə etmir kimi hiss etdirir. Bu dövrdə isə “heç nə etməmək” zəiflik kimi oxunur. Hamı hərəkətdədir. Hamı reaksiya verir. Hamı optimallaşdırır. Problemi sadəcə görmək isə sanki oyundan çıxmaq kimidir.

Halbuki əsl oyun orada başlayır.

Problemi görmək o deməkdir ki, sən hələ qərar vermirsən. Hələ mövqe tutmursan. Hələ kiminsə tərəfində deyilsən. Sadəcə baxırsan. Bu isə çox az insanın bacardığı bir haldır. Çünki baxmaq üçün sakitlik lazımdır. Sakitlik isə narahatlıq yaradır.

İnsanlar problemi tez həll etmək istəyir, çünki problem hiss yaradır. Gərginlik. Narahatlıq. Qeyri-müəyyənlik. Həll isə bu hissləri azaldır. Həll tapanda rahatlayırıq. Amma rahatlıq həmişə doğru yerdə olmur.

Bəzən problem həll edilməməlidir. Əvvəl anlaşılmalıdır.

Çünki çox vaxt gördüyümüz şey problem deyil, onun nəticəsidir. Səthdə olan əlamətdir. Amma biz əlaməti düzəldirik, səbəb qalır. Və bir müddət sonra eyni problem başqa formada geri qayıdır. Daha yorucu şəkildə.

Problemi görmək, onu tək bir nöqtə kimi yox, kontekstin içində görməkdir. Bu nə vaxt başladı? Kimlər təsirləndi? Nə dəyişdi? Hansı anda “normal” kimi qəbul etdik? Bu sualların cavabı olmadan tapılan həll çox vaxt sadəcə kosmetikdir.

Design thinking burada metod kimi yox, mövqe kimi ortaya çıxır. O deyir ki, tələsmə. Problemi düzəltməzdən əvvəl onunla bir az qal. Narahat ol. Anlamağa çalış. Hiss et. Sual ver.

Bu asan deyil. Çünki problemə baxmaq, bəzən öz səhvlərinə baxmaq deməkdir. Sənin yaratdığın sistemə. Sənin verdiyin qərara. Sənin vaxtında soruşmadığın suala. Ona görə də bir çox insan problemi görmək istəmir. Çünki bu, məsuliyyəti geri gətirir.

Həll tapmaq qəhrəmanlıq kimi görünür. Problemi görmək isə səssiz qalmaq kimidir. Amma səssiz qalmaq çox vaxt daha cəsarətlidir. Problemi görmədən tapılan həll çox vaxt sistemi daha da sərtləşdirir. Yeni qayda gəlir. Yeni proses. Yeni ölçü. Halbuki problem bəzən sistemin özüdür. Və sistem içində qalaraq sistemi düzəltmək mümkün olmur.

Problemi görmək həm də insanı görməkdir. Çünki problemlər nadir hallarda təkcə texniki olur. Onlar davranışla, gözlənti ilə, qorxu ilə, təzyiqlə iç-içədir. Bu qatları görmədən tapılan həll insanı yorar.

Bir də belə bir həqiqət var: problem bəzən həll olunmur, transformasiya olunur. Sən onu yox etmirsən. Onunla işləməyi öyrənirsən. Bu da yalnız onu həqiqətən görəndə mümkün olur.

Problemi görmək vaxt tələb edir. Səbr tələb edir. Və bəzən cavabsız qalmağı qəbul etməyi tələb edir. Amma bu mərhələni keçməyən hər həll yarımçıq qalır.

Bəlkə də ən böyük yanlışlıq budur: Problemi düşmən kimi görmək.

Halbuki problem çox vaxt xəbərdarlıqdır. Nəsə işləmədiyini deyir. Nəsə dəyişməlidir deyir. Amma biz bu səsi boğmaq üçün tez bir həll tapırıq. Və səs bir müddət susur. Sonra daha yüksək qayıdır.

Problemi görmək onu sevmək deyil onu dinləməkdir. Və bəzən ən doğru addım heç nə etməmək deyil, sadəcə bir az daha baxmaqdır.

Leave a comment