Skip to content Skip to sidebar Skip to footer

Texnologiyaya yanaşma – sistem və alət

Sistem nə vaxt alət olmaqdan çıxır?

Sistem ilk qurulanda adətən kömək etmək üçün yaranır. Yükü azaltmaq, qarışıqlığı nizamlamaq, təkrarı avtomatlaşdırmaq üçün. Sən düşünəsən deyə, o işləsin. Sən qərar verəsən deyə, o xatırlatsın.

Yəni başlanğıcda sistem alətdir.
Sənin uzantındır. Sənin niyyətinin davamıdır.

Amma bir nöqtə var. Səssizdir. Kəskin deyil. Və çox adam onu qaçırır. Elə bu nöqtədə sistem alət olmaqdan çıxır.

Sistem o anda dəyişir ki, sən artıq ona baxıb qərar vermirsən,
sən ona baxmadan qərar verə bilmirsən.

Bu incə fərqdir. Amma bütün hekayə buradadır.

Sistem alət olmaqdan çıxır o vaxt ki, sən onu mütləq istinad nöqtəsi edirsən. Əvvəl sadəcə yoxlayırdın. Sonra təsdiq gözləməyə başladın. Bir müddət sonra isə “əgər sistem demirsə, etməyim” nöqtəsinə gəldin.

Burada problem sistemdə deyil. Problem ondadır ki, sən öz daxili kompasını yavaş-yavaş kənara qoymusan.

Sistem alət olaraq qalanda, sən ona sual verirsən.
Hakim olanda isə o sənə sual verir.

Və çox vaxt bu suallar hiss olunmur. Onlar metrikadır, qaydadır, normadır. “Bu niyə belədir?” yox, “bu niyə belə ölçülür?” sualı belə verilmirsə, artıq sistem səni idarə edir.

Sistem alət olmaqdan çıxır o vaxt ki, o özünü qorumağa başlayır. Artıq məqsəd işi görmək deyil, sistemi işlək saxlamaq olur. Hesabatlar artar. Prosedurlar çoxalar. Qaydalar sərtləşər. Və bütün bunlar “effektivlik” adı altında edilir.

İnsanlar sistem üçün işləməyə başlayar.
Sistem insan üçün yox.

Bu mərhələdə dəyişiklik təklifi təhlükəli görünür. Çünki dəyişiklik sistemi riskə atır. Və sistem risk sevmir. O, stabilliyi sevir. Hətta bu stabillik tıxanma olsa belə.

Sistem alət olmaqdan çıxır o vaxt ki, sən onun narahat etdiyini yox, rahat etdiyini əsas götürürsən. Rahatdırsa, deməli doğrudur. Sürətlidirsə, deməli düzgündür. Qarşılıq verirsə, deməli dəyərlidir.

Amma rahatlıq həmişə sağlamlıq deyil.

Rahat sistemlər səni az düşünməyə məcbur edir. Az düşünən insan isə çox icra edir. Bu da sistemi gücləndirir. Bir dövrədən sonra artıq kim kimin üçün işlədiyini ayırd etmək çətinləşir.

Bir də belə bir mərhələ var: sistem kimlik verməyə başlayır.

Sən artıq “mən kiməm?” sualını özündən yox, sistemdən soruşursan. Rəqəmlərdən. Statusdan. Rolundan. Performansdan. “Nə qədərəm?” sualının cavabı sən deyilsən, dashboard-dur.

Bu nöqtədə sistem təkcə alət deyil.
O, sənin aynandır.
Və aynanı sındırmaq çox çətindir.

Sistem alət olmaqdan çıxır o vaxt ki, sən artıq onu sual edə bilmirsən. Sual verdiyin an “reallıq budur”, “başqa cür olmur”, “dövr bunu tələb edir” cavabları gəlirsə, bilin ki, sistem artıq müqəddəsləşib.

Müqəddəs olan isə dəyişdirilmir.
Sadəcə qorunur.

Bəlkə də ən kritik an budur: sistem alət olmaqdan çıxır o vaxt ki, səni yavaşlatmağa icazə vermir. Dayanmaq risk olur. Düşünmək vaxt itkisi kimi görünür. Hər şey “indi”yə bağlanır.

Halbuki alət olan sistem səni yavaşlada bilər.
Hakim olan sistem isə səni qaçmağa məcbur edir.

Bəs bunu necə anlayırsan?

Çox sadə bir test var:
Əgər sistemi bir gün söndürsən, sən hələ də qərar verə bilirsənsə — o alətdir.
Əgər çaşırsansa – o artıq səni idarə edir.

Bu qorxulu deyil. Amma xəbərdarlıqdır.

Çünki sistemlər dəyişə bilər.
Yenidən dizayn edilə bilər.
Sadələşdirilə bilər.

Amma insan öz düşüncəsini sistemə tam təhvil verəndə, onu geri almaq zaman alır.

Bəlkə də bu dövrdə ən sağlam mövqe budur:
sistemi istifadə etmək,
amma ona tabe olmamaq.

Sistem sənə kömək etməlidir.
Səni əvəz etməməlidir.

Və sən hələ bu sualı verirsənsə –
deməli, sistem hələ tam qalib gəlməyib.

Birinci hissə

Leave a comment