Anar Rustamli
Süni İntellekt

Claude AI nədir? Modellər, qiymətlər və Azərbaycanda istifadə bələdçisi

Claude AI nədir, kim hazırlayıb, hansı modelləri var və Azərbaycanda necə istifadə olunur? Pulsuz və ödənişli planlar, imkanlar, risklər və biznes ssenariləri bir bələdçidə.

Anar RustamliAnar Rustamli10 dəqiqə oxu1.903 söz
Claude AI nədir: modellər, qiymətlər və istifadə bələdçisi posteri

Claude AI nədir? Qısa cavab: Claude, Anthropic şirkətinin hazırladığı süni intellekt köməkçisidir. Onunla yazışır, sənəd və PDF oxudur, mətn yazdırır, cədvəl təhlil edir, kod yazdırır və hətta tapşırığı addım-addım icra etdirirsiniz. Bu bələdçidə Claude-un nə olduğunu, hansı modellərinin olduğunu, Azərbaycanda necə istifadə ediləcəyini, pulsuz və ödənişli planların fərqini və biznesdə real istifadə ssenarilərini bir yerdə toplamışam.

Claude AI nədir?

Claude, böyük dil modeli (LLM) üzərində qurulmuş söhbət və iş köməkçisidir. Sadə dillə desək, siz ona adi dildə yazırsınız, o isə sualınıza cavab verir, mətn hazırlayır, faylınızı oxuyur və ya tapşırığı icra edir. Claude ilk dəfə 2023-cü ilin martında ictimaiyyətə təqdim olunub və o vaxtdan bəri bir neçə model nəsli dəyişib (Wikipedia).

Böyük dil modeli nəhəng həcmdə mətn üzərində öyrədilmiş və dildəki qanunauyğunluqları "başa düşərək" yeni mətn yarada bilən süni intellekt sistemidir. ChatGPT, Gemini və Claude eyni texnologiya ailəsinə aiddir, amma hər biri fərqli şirkət, fərqli məlumat və fərqli prioritetlərlə qurulub. Mövzuya ümumi baxış lazımdırsa, əvvəl süni intellekt nədir yazısına baxa bilərsiniz.

Claude-u digərlərindən fərqləndirən üç xüsusiyyət var:

  • Uzun kontekst. Claude bir söhbətdə çox böyük həcmdə mətni yadda saxlaya bilir. Rəsmi qiymət səhifəsində kontekst pəncərəsi modeldən asılı olaraq 1 milyon tokenədək göstərilir (Claude Pricing). Bu, yüzlərlə səhifəlik sənədi bir dəfəyə oxutmaq deməkdir.
  • Diqqətli yazı üslubu. Claude mətni daha təbii, strukturlu və təlimata sadiq yazması ilə tanınır. Uzun hesabat, müqavilə xülasəsi və redaktə kimi işlərdə bu xüsusilə hiss olunur.
  • Tapşırıq icrası. Claude sadəcə cavab vermir: fayl yaradır, kod işə salır, internetdə axtarış edir, brauzerdə addımlar atır və uzun tapşırığı hissələrə bölərək sona çatdırır.

Claude-u kim hazırlayıb? Anthropic haqqında

Claude-u Anthropic şirkəti hazırlayır. Anthropic 2021-ci ildə San-Fransiskoda, əvvəllər OpenAI-da çalışmış Dario Amodei və Daniela Amodei başda olmaqla bir qrup tədqiqatçı tərəfindən qurulub (Wikipedia: Anthropic). Şirkət özünü süni intellektin təhlükəsizliyi və etibarlılığı üzrə tədqiqat şirkəti kimi təqdim edir.

Anthropic-in yanaşmasının mərkəzində "Constitutional AI" adlı metod dayanır: model əvvəlcədən yazılmış prinsiplər toplusuna (bir növ "konstitusiyaya") əsasən öz cavablarını qiymətləndirib düzəltməyi öyrənir. Praktikada bu, Claude-un zərərli tapşırıqlardan imtina etməsində, qeyri-müəyyən məqamda "bilmirəm" deməyə daha meylli olmasında görünür. Əgər OpenAI-ın tarixi ilə müqayisə etmək istəyirsinizsə, OpenAI nədir yazısında ChatGPT-nin arxasındakı şirkəti izah etmişəm.

Claude modelləri: Fable, Opus, Sonnet və Haiku

"Claude" tək bir model deyil, model ailəsinin adıdır. Ailə ölçüyə və gücə görə bölünür. Bunu kafe menyusundakı kiçik, orta və böyük porsiya kimi düşünün: hamısı eyni mətbəxdən çıxır, amma fərqli ehtiyac üçün nəzərdə tutulub.

ModelNə üçündür?Hansı planda?
FableAnthropic-in ən güclü modeli. Çox mürəkkəb, uzun və çoxaddımlı tapşırıqlar üçün.Pro-da istifadə kreditləri ilə, Max və Ultra-da həftəlik limitin yarısınadək
OpusDərin təhlil, mürəkkəb kod, strateji sənədlər. Güc və sürət balansı yüksəkdir.Pro, Max, Ultra
SonnetGündəlik işin əsas modeli: yazı, xülasə, təhlil, kod. Sürətli və balanslı.Pulsuz daxil olmaqla bütün planlar
HaikuƏn sürətli və yüngül model. Qısa suallar, təsnifat, sadə xülasələr.Pulsuz daxil olmaqla bütün planlar

2026-cı ilin payızında Anthropic 5.5 nəslini təqdim etdi: Claude Opus 5.5 sentyabrın 22-də, Sonnet 5.5 sentyabrın 28-də, Haiku 5.5 isə oktyabrın 7-də çıxdı (Anthropic). Model adları və versiyaları tez-tez yenilənir, ona görə də praktik qayda sadədir: gündəlik iş üçün Sonnet, çətin təhlil və kod üçün Opus, sürət lazım olanda Haiku seçin.

Claude nə edə bilir? Əsas imkanlar

Claude bu gün sadə chatbotdan çox, iş platformasına çevrilib. Rəsmi qiymət səhifəsinə görə əsas imkanlar bunlardır (Claude Pricing):

  • Söhbət və yazı. Veb, masaüstü (Windows, macOS), iOS və Android tətbiqlərində işləyir. Səs rejimi də var.
  • Fayl və sənəd təhlili. PDF, Word, Excel, şəkil və uzun mətnləri yükləyib sual vermək olar. Ətraflı: Claude ilə PDF sənəd təhlili.
  • Veb axtarış və Research. Claude internetdə axtarış edib mənbə göstərə bilir. Research rejimi isə onlarla mənbəni gəzərək hesabat hazırlayır (ödənişli planlarda).
  • Kod işlətmə və fayl yaratma. Claude cədvəl, təqdimat, sənəd və qrafik faylını özü yarada, hesablamanı kodla yoxlaya bilir.
  • Artifacts. Söhbətin yanında ayrıca pəncərədə interaktiv səhifə, kalkulyator, mini-tətbiq və ya diaqram yaradır.
  • Projects. Mövzu üzrə sənədləri, təlimatları və söhbətləri bir layihədə saxlayırsınız. Pulsuz planda 5 layihəyədək. Ətraflı: Claude Projects nədir.
  • Skills. Təkrarlanan iş üçün hazır "bacarıq" paketləri: məsələn, şirkətinizin brend qaydaları ilə sənəd hazırlamaq. Ətraflı: Claude Skills nədir.
  • Yaddaş və konnektorlar. Claude söhbətlər arasında vacib detalları xatırlaya, Google Drive, Gmail, Notion və digər alətlərə qoşula bilir.
  • Claude Code. Proqramçılar üçün terminalda və redaktorda işləyən kod agenti. Layihəni oxuyur, kod yazır, test edir. Ətraflı: Claude Code nədir.
  • Claude in Chrome və Microsoft 365. Brauzerdə sizin əvəzinizə addımlar atır, Excel, Word və Outlook daxilində işləyir (ödənişli planlarda).
  • Tapşırığı təhvil vermək və planlamaq. Ödənişli planlarda uzun tapşırığı Claude-a verib sonra nəticəyə qayıtmaq və ya müəyyən vaxta planlamaq mümkündür.

Claude Azərbaycanda işləyirmi?

Bəli. Azərbaycan Anthropic-in dəstəklənən ölkələr siyahısındadır: həm claude.ai tətbiqi, həm də API Azərbaycandan rəsmi şəkildə istifadə oluna bilər (Anthropic: Supported countries). VPN və ya xarici nömrəyə ehtiyac yoxdur.

Azərbaycan dili necədir? Claude Azərbaycan dilində yazılan sualı yaxşı başa düşür və əksər hallarda təmiz, qrammatik cəhətdən düzgün cavab verir. Amma terminlərdə, şəkilçilərdə və rəsmi üslubda hələ də yoxlama lazımdır. Mənim praktik məsləhətim: rəsmi mətni Claude-a yazdırın, sonra ondan "mətni Azərbaycan dilinin rəsmi üslubuna görə yoxla, rus və türk dilindən keçmiş kalkaları düzəlt" deyə ikinci dəfə redaktə istəyin.

Ödəniş. Ödənişli planlar üçün Visa və ya Mastercard kartı kifayətdir. Yerli bankların əksər beynəlxalq kartları işləyir; ödəniş keçmirsə, kartınızda internet və xarici ödəniş icazəsinin açıq olduğunu yoxlayın. Qiymətlərə vergi daxil deyil.

Claude qiymətləri: pulsuz, Pro, Max və Ultra

Claude-un fərdi istifadəçilər üçün dörd planı var. Aşağıdakı qiymətlər 2026-cı ilin noyabr ayına aid rəsmi məlumatdır (Claude Pricing):

PlanQiymətKimə uyğundur?Əsas fərq
Free$0Tanış olmaq, gündəlik suallarSonnet və Haiku, veb axtarış, fayl yaratma, 5 layihəyədək, məhdud limit
ProAylıq $20 və ya illik ödənişdə ayda $17Gündəlik peşəkar işPulsuzdan ən azı 5 dəfə çox limit, Opus, Claude Code, Research, Chrome və Microsoft 365
MaxAyda $100Bütün gün Claude ilə işləyənlərPro-nun 5 qatı limit, Fable, yüksək yüklənmədə prioritet, ayda $100 API krediti
UltraAyda $200Çox uzun və ağır tapşırıqlarHəftəlik Pro-nun 10 qatı limit, 5 saatlıq limit yoxdur, ayda $200 API krediti

Limitlər mesaj sayı ilə yox, istifadə həcmi ilə ölçülür: söhbət nə qədər uzun, fayl nə qədər böyük və model nə qədər güclüdürsə, limit o qədər tez dolur. Limit əsasən 5 saatlıq pəncərə ilə yenilənir, ödənişli planlarda isə əlavə həftəlik limit var. Komandalar üçün ayrıca Team və Enterprise planları mövcuddur.

Pulsuz versiyanın limitləri və ondan maksimum necə istifadə etmək barədə ayrıca yazım var: Claude pulsuz istifadə: qeydiyyat, limitlər və Pro fərqi.

Claude-a necə qoşulmaq olar? Addım-addım

  1. claude.ai saytına daxil olun və ya App Store / Google Play-dən "Claude by Anthropic" tətbiqini yükləyin.
  2. Google hesabı, Apple ID və ya e-poçt ünvanı ilə qeydiyyatdan keçin.
  3. Telefon nömrənizi təsdiqləyin (Azərbaycan nömrəsi +994 qəbul olunur).
  4. Ad və istifadə məqsədini qeyd edin, sonra ilk söhbətə başlayın.
  5. Parametrlərdə (Settings) üslub seçimlərinizi yazın: məsələn, "mənə həmişə Azərbaycan dilində, qısa və cədvəllə cavab ver".
  6. İlk real tapşırığı verin: bir PDF yükləyin və ondan 5 maddəlik xülasə istəyin. Nəticəni öz qiymətləndirmənizlə müqayisə edin.

Gündəlik iş axınını necə qurmaq barədə daha ətraflı praktik bələdçi: Claude ilə necə işləmək olar.

Claude, ChatGPT və Gemini: hansını seçməli?

Bu sualın universal cavabı yoxdur, amma ümumi meyl belədir:

  • Claude uzun sənəd, diqqətli yazı, redaktə və kod tapşırıqlarında güclüdür.
  • ChatGPT ən geniş ekosistemə, şəkil yaratma və səs imkanlarına, ən çox istifadəçiyə malikdir.
  • Gemini Gmail, Google Drive, Sheets və Android ilə sıx inteqrasiya istəyənlər üçün rahatdır.

Mən öz işimdə çox vaxt ikisini paralel saxlayıram: eyni tapşırığı iki alətə verib nəticələri müqayisə etmək ən dürüst testdir. Ətraflı müqayisələr: Claude yoxsa ChatGPT və Claude yoxsa Gemini. Başqa alternativlərə baxmaq istəyirsinizsə, AI chat proqramları siyahısını da tövsiyə edirəm.

Biznes üçün Claude: 8 praktik istifadə ssenarisi

  1. Müqavilə və təkliflərin xülasəsi. 40 səhifəlik müqaviləni yükləyin, ödəniş şərtlərini, cərimələri və risk yaradan bəndləri cədvəldə çıxarmasını istəyin.
  2. Marketinq mətnləri. Sosial media postu, e-poçt kampaniyası, məhsul təsviri. Brend tonunuzu bir dəfə Project-ə yazın, hər dəfə təkrarlamayın. Ətraflı: Claude ilə marketinq mətnləri yazmaq.
  3. Satış hesabatının təhlili. Excel faylını verin, ən çox satan məhsulları, mövsümi enişləri və anomaliyaları göstərməsini istəyin.
  4. Müştəri müraciətlərinin cavablandırılması. Tez-tez gələn sualların siyahısından cavab şablonları hazırlatın.
  5. Təlim materialları. Yeni işçi üçün təlimat, test sualları və yoxlama siyahısı yaradın.
  6. Bazar araşdırması. Research rejimi ilə rəqiblərin qiymət siyasəti və bazar trendləri haqqında mənbəli hesabat hazırlatın.
  7. Daxili proseslərin avtomatlaşdırılması. Təkrarlanan hesabatı Skill-ə çevirin, hər həftə eyni formatda hazır alın.
  8. Veb sayt və kiçik alətlər. Artifacts və ya Claude Code ilə kalkulyator, forma, landinq səhifə prototipi qurun.

Komandanızda AI istifadəsini sistemli qurmaq istəyirsinizsə, bu sahədə süni intellekt təlimi keçirirəm.

Claude-dan yaxşı nəticə almaq üçün necə yazmalı?

Claude-a verilən tapşırığın keyfiyyəti cavabın keyfiyyətini müəyyən edir. Dörd elementi unutmayın: rol, kontekst, tapşırıq və format.

Zəif prompt: "Bu müqaviləni xülasə et."

Güclü prompt: "Sən kiçik biznes üçün işləyən hüquq məsləhətçisisən. Əlavə etdiyim tədarük müqaviləsini oxu. Mən alıcı tərəfəm. Ödəniş müddətlərini, cərimə bəndlərini və mənim üçün risk yaradan 5 məqamı cədvəldə göstər. Hər bəndin yanında müqavilədəki maddə nömrəsini yaz. Əmin olmadığın yerdə bunu açıq qeyd et."

Fərq göz qabağındadır: ikinci prompt Claude-a kimin üçün, nə məqsədlə və hansı formatda işlədiyini deyir. Hazır nümunələr: Claude promptları: biznes üçün 7 praktik nümunə. Prompt yazmağın ümumi prinsipləri isə prompt nədir yazısındadır.

Claude-un məhdudiyyətləri və riskləri

  • Səhv fakt (hallüsinasiya). Claude da digər modellər kimi inamla yanlış məlumat yaza bilər. Rəqəm, tarix, qanun maddəsi və sitatı həmişə ilkin mənbədən yoxlayın. Sənəd istinadlarını necə yoxlamaq barədə: Claude sənəd istinadlarını yoxlamaq.
  • Məxfilik. Fərdi planlarda modelin təlimi üçün məlumatdan istifadəni parametrlərdən söndürə bilərsiniz (opt-out). Buna baxmayaraq, müştəri şəxsi məlumatlarını, parolları və kommersiya sirlərini ehtiyac olmadan yükləməyin.
  • Limitlər. Uzun söhbət və böyük fayllar limiti tez doldurur. Hər yeni mövzu üçün yeni söhbət açın.
  • Hüquqi, tibbi və maliyyə məsələləri. Claude ilkin təhlil üçün faydalıdır, amma son qərar mütəxəssisə aiddir.
  • Yerli kontekst. Azərbaycanın vergi, əmək və lisenziya qaydaları barədə cavabları mütləq rəsmi mənbə ilə (e-qanun.az, taxes.gov.az) yoxlayın.

Növbəti addım kimi AI agentlərinin necə işlədiyini öyrənmək istəyirsinizsə: AI agent nədir.

Tez-tez verilən suallar

Claude AI pulsuzdur?

Bəli, Claude-un pulsuz planı var. Pulsuz planda Sonnet və Haiku modelləri, veb axtarış, fayl yükləmə və 5 layihəyədək imkan var, amma istifadə limiti məhduddur. Daha çox limit və Opus modeli üçün Pro planı ayda $20 (illik ödənişdə $17) təşkil edir.

Claude AI Azərbaycanda işləyir?

Bəli. Azərbaycan Anthropic-in rəsmi dəstəklənən ölkələr siyahısındadır. Claude-dan VPN olmadan, +994 nömrəsi ilə qeydiyyatdan keçərək istifadə etmək olar.

Claude Azərbaycan dilini bilir?

Claude Azərbaycan dilində sualları yaxşı başa düşür və əksər hallarda düzgün cavab verir. Rəsmi mətnlərdə termin və üslub baxımından insan redaktəsi tövsiyə olunur.

Claude ilə ChatGPT arasında əsas fərq nədir?

Claude uzun sənəd, diqqətli yazı və kod tapşırıqlarında güclüdür, ChatGPT isə daha geniş ekosistemə, şəkil yaratma imkanlarına və istifadəçi bazasına malikdir. Ən doğru seçim üçün eyni tapşırığı hər ikisində sınamaq lazımdır.

Claude-u kim yaradıb?

Claude-u 2021-ci ildə Dario və Daniela Amodei tərəfindən qurulmuş Amerika şirkəti Anthropic hazırlayıb. İlk versiya 2023-cü ilin martında təqdim olunub.

Claude telefonda işləyir?

Bəli. Claude-un iOS və Android üçün rəsmi tətbiqi, həmçinin Windows və macOS üçün masaüstü tətbiqi var. Bütün cihazlarda eyni hesab və söhbət tarixçəsi istifadə olunur.

Claude Code nədir?

Claude Code proqramçılar üçün terminalda və kod redaktorunda işləyən AI agentidir. Layihəni oxuyur, kod yazır, testləri işlədir və dəyişiklikləri təklif edir. Bütün ödənişli planlara daxildir.

Mənbələr

Paylaş
Anar Rustamli
Müəllif
Anar Rustamli

Mən Anar Rustamli — böyümənin, texnologiyanın və insan düşüncəsinin kəsişməsində işləyən strateq, sahibkar və AI tətbiqi lideriyəm. 2016-cı ildən işim bizneslərə sürətlə dəyişən rəqəmsal mühitdə inkişaf etməyə kömək etmək üzərində qurulub. Böyümə sistemləri, AI-əsaslı iş axınları və nəticəni məqsədlə uzlaşdıran strateji çərçivələr dizayn edirəm. İnanıram ki, əsl böyümə strategiya, data və insan fəhmi birlikdə işləyəndə baş verir — missiyam bizneslərə AI-ı elə tətbiq etməkdə kömək etməkdir ki, həm nəticələri, həm kimlikləri güclənsin.

Söhbətə başla
Əlaqə

Növbəti sistemi birlikdə quraq.

Söhbətə başla